Vəsatət təmin edilməyib - `Nardaran işi`


01:22     22 Dekabr 2016 nardaran9.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin zala gətirilmələri barədə vəsatət veriblər. Lakin vəsatət təmin edilməyib.


Daha sonra iclasda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov ifadə verib.

O, Rasim Cəbrayılovu saxladığını təsdiq edib. Vəkil Zibeydə Sadıqova R. Cəbrayılovla İ. Kazımov arasında çarpaz dindirmə keçirmək istəyib.

Buna görə R. Cəbrayılov zala gətirilib və onlar arasında çarpaz dindirmə keçirilib.

İ. Kazımov onu saxladığını deyib. R. Cəbrayılov isə onu saxlayan adamın İ. Kazımov olmadığını bildirib.

Prosesdə vəkillər növbəti dəfə təqsirləndirilənlərin iclasda iştiraklarının təmin edilməsi, hal şahidlərinin və ekspertlərin dindirilməsi barədə vəsatətlər veriblər. Məhkəmə vəsatətləri təmin etməyib. İclasda cinayət işində olan bir sıra sənədlər elan edilib.

Proses dekabrın 23-də davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 822


Oxşar xəbərlər